Ədalətli istifadə siyasəti
Son yenilənmə tarixi: 29 iyul 2026-cı il
QRQ planlarını sadə, istifadə imkanlarını isə geniş saxlamağa çalışırıq ki, əksər müştərilər texniki məhdudiyyətləri izləməli olmasınlar. Ədalətli istifadə siyasəti həmin istifadə imkanlarının sərhədlərini müəyyən edir. Siyasət bütün QRQ planlarına və QRQ-dan hər cür istifadəyə, o cümlədən “məhdudiyyətsiz” kimi təqdim edilən funksiyalara şamil olunur və Xidmət Şərtlərimizi tamamlayır.
Ədalətli istifadə nədir
Ədalətli istifadə dedikdə QRQ-dan təyinatı üzrə — təşkilatınızın real müştəri, ziyarətçi, tələbə, pasiyent, tədbir iştirakçısı və ya əməkdaş növbələrini idarə etmək üçün — istifadə nəzərdə tutulur.
İşin sıx olduğu dövrlər, tədbirlər, kampaniyalar və ya mövsümi tələbat nəticəsində yaranan müvəqqəti artımlar da daxil olmaqla, adi iş fəaliyyəti çərçivəsində istifadə, bir qayda olaraq, ədalətli sayılır. Biz ayrı-ayrı qısamüddətli sıçrayışları deyil, davamlı istifadə meyillərini və onların xidmətə təsirini nəzərə alırıq.
Həddən artıq və ya ədalətsiz istifadə
İstifadə QRQ-nun resurslarına qeyri-mütənasib yük saldıqda, digər müştərilərin xidmətdən istifadəsinə mənfi təsir göstərdikdə və ya planınızın nəzərdə tutulan təyinatından əhəmiyyətli dərəcədə kənara çıxdıqda həddən artıq və ya ədalətsiz hesab edilə bilər.
Belə hallara, məsələn, aşağıdakılar aiddir:
- Uzun müddət ərzində infrastrukturumuza qeyri-adi yük salacaq həcmdə növbə fəaliyyəti, növbəyə qeydiyyat, sorğu, bildiriş və ya API trafiki yaratmaq.
- Avtomatlaşdırılmış sistem, skript, bot və ya inteqrasiyalardan həddən artıq və ya lüzumsuz trafik yaradacaq şəkildə istifadə etmək.
- QRQ vasitəsilə istənilməyən, yanıldıcı və ya aidiyyəti olmayan mesajlar göndərmək.
- Ziyarətçi, növbə qeydi, sessiya və ya digər fəaliyyəti süni şəkildə yaratmaq.
- Xidməti qorumaq üçün tətbiq etdiyimiz texniki məhdudiyyətlərdən, plan tələblərindən, təhlükəsizlik nəzarətlərindən və ya ağlabatan tədbirlərdən yan keçmək.
- Başlıca olaraq plan məhdudiyyətlərindən və ya ədalətli istifadə tədbirlərindən yayınmaq məqsədilə bir neçə hesab yaratmaq və ya onlardan istifadə etmək.
- Planınızda və ya QRQ ilə bağladığınız yazılı razılaşmada açıq şəkildə icazə verilmədiyi halda hesabı və ya abunəliyi təşkilatınızdan kənar şəxslər və ya başqa təşkilatlarla paylaşmaq.
- Əvvəlcədən yazılı razılığımız olmadan QRQ-nu yenidən satmaq, sublisenziya vermək, öz brendiniz altında təqdim etmək və ya sizə bağlı olmayan təşkilatlara göstərdiyiniz xidmətin tərkib hissəsi kimi təklif etmək.
- Müvafiq kommersiya razılaşması olmadan QRQ-nu başqa məhsul və ya platformanın təməl infrastrukturu kimi istifadə etmək.
- QRQ və ya digər müştərilər üçün xidmətin performansını, əlçatanlığını, təhlükəsizliyini və ya etibarlılığını zəiflədəcək şəkildə ondan istifadə etmək.
Bu siyahı yalnız nümunə xarakteri daşıyır və bütün halları əhatə etmir.
İstifadəni necə qiymətləndiririk
Qiymətləndirmə zamanı fəaliyyətin xarakterini, nə qədər tez-tez baş verdiyini və nə qədər davam etdiyini, texniki təsirini, eləcə də müştərinin planını və QRQ-dan hansı məqsədlə istifadə etdiyini nəzərə alırıq.
Təyinatına uyğun real fəaliyyət həcminin qısa müddətə artmasını, bir qayda olaraq, davamlı və ya bilərəkdən həddən artıq istifadə ilə eyni cür qiymətləndirməyəcəyik. Bu siyasəti ağlabatan şəkildə və vicdanla tətbiq edəcəyik.
İstifadə həddən artıq olduqda nə baş verir
İstifadəniz bu siyasətin çərçivəsindən kənara çıxdıqda, bir qayda olaraq, əvvəlcə sizinlə əlaqə saxlayacağıq. İstifadənizi tənzimləmək üçün praktik addımlar təklif edə, daha uyğun plan tövsiyə edə və ya ehtiyaclarınıza uyğun fərdi razılaşmanı müzakirə edə bilərik.
İmkan daxilində, istifadə qaydanızı dəyişmək və ya uyğun plana keçmək üçün sizə ağlabatan müddət verəcəyik.
QRQ-nun təhlükəsizliyini, sabitliyini və ya əlçatanlığını qorumaq üçün zəruri olduqda ayrı-ayrı funksiyalara məhdudiyyət tətbiq edə, onların işləmə sürətini azalda və ya onlara çıxışı müvəqqəti məhdudlaşdıra bilərik. Qəsdən sui-istifadə, təhlükəsizlik təhdidləri, qanunsuz fəaliyyət və ya digər müştərilərə əhəmiyyətli dərəcədə təsir göstərən davranış da daxil olmaqla, ciddi və ya təxirəsalınmaz hallarda əvvəlcədən bildiriş vermədən tədbir görə, Xidmət Şərtlərimizə uyğun olaraq girişinizi dayandıra və ya ləğv edə bilərik.
Xüsusi tələblər
Bəzi təşkilatların böyük obyektlər, iri tədbirlər, çoxsaylı məkanlardan ibarət geniş şəbəkələr və ya yüksək istifadə həcmi olan digər xidmətlər idarə etdiyini anlayırıq. Bu, özlüyündə QRQ-nun sizə uyğun olmadığı anlamına gəlmir.
İstifadənizin davamlı olaraq yüksək həcmdə olacağını və ya qeyri-adi dərəcədə çox resurs tələb edəcəyini gözləyirsinizsə, inbox@qrq.app ünvanından bizimlə əlaqə saxlayın. Sizə uyğun həll tapmaq üçün birlikdə çalışacağıq.
Bu siyasətə dəyişikliklər
QRQ və onun infrastrukturu inkişaf etdikcə bu Ədalətli istifadə siyasətini yeniləyə bilərik. Mühüm dəyişikliklər barədə xidmət daxilində, e-poçtla və ya digər ağlabatan üsulla məlumat verəcəyik.
Bu siyasətlə Xidmət Şərtlərimiz arasında ziddiyyət yaranarsa, Xidmət Şərtləri üstün tutulacaq.
